Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində noyabrın 4-də Şahbuz rayon 1 nömrəli tam orta məktəbdə şagirdlərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib.
Zəfər Günü münasibətilə təşkil olunan görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.
Vətən müharibəsi iştirakçıları Elnur Əhmədli, Murad Abbaslı və Vüsal Ağalarov döyüş xatirələrini şagirdlərlə bölüşüb, Azərbaycan Ordusunun qüdrətindən, qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Gənc nəslin Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda yetişməsinin önəmi ifadə olunub.
Söhbət zamanı məktəblilərin sualları cavablandırılıb, sonda isə xatirə fotosu çəkdirilib.
Görüşün təşkil olunmasında məqsəd məktəblilərin Zəfər tariximiz barədə biliklərinin artırılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi olub.